Ermənistan müharibəyə hazırlaşır - XƏBƏRDARLIQ  

15:57 27.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İndiki mərhələdə üçtərəfli Soçi görüşü haqqında konkret nəsə söyləmək çətindir. Prosesləri mürəkkəbləşdirən bir çox amillər mövcuddur. Əsas amil isə ondan ibarətdir ki,  bu saat Rusiyanın, daha doğrusu, Putinin vəziyyəti siyasi cəhətdən o qədər də yaxşı deyil. 

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib:

“Problem ondadır ki, hazırda Rusiya regionda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı  nəsə etmək istəsə, buna imkanı olacaq, yoxsa yox.  Bu məsələ sual altındadır.  Qarabağ, Ermənistan məsələləri ilə paralel İranın bölgədəki fəallığı eyni zamanda Rusiya üçün də əlavə problemlər yaradır. Yəni Moskva, o cümlədən Putin Ermənistanın Rusiya tərəfindən qorunan sərhədlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “sərhədi keçmə” hərbi ssenarisi ilə təlimlər keçirməsindən heç də məmnun deyil. Bundan əlavə, Ermənistanın İran və Hindistandan silah alması məsələsi də var. Bir sözlə, bir çox amil və proseslər mövcuddur ki, Rusiya artıq onlara qarşı müqavimət göstərmək imkanından məhrumdur… 

 Bütün bunları düşünəndə Soçi görüşündən Ermənistanla sülh yaranması, Qarabağ məsələsinin yekun həlli istiqamətində hansısa konkret nəticə gözləmək qeyri-realdır. Amma bir məsələ aydındır ki, bu görüşdə Putinin əsas məqsədi Azərbaycan və Ermənistanı bütün mümkün vasitələrlə Rusiyanın orbitində saxlamaqdır

Əslinə qalsa, Makronun Azərbaycan və Rusiya ilə bağlı son çıxışından sonra Brüssel prosesi, demək olar ki, dayanıb. Yaxud Brüssel prosesi birtərəflidir. Həmin danışıqlar prosesi nəticəsində Ermənistan istədiyi məsələlərə nail olub. Avropa İttifaqının missiyası Azərbaycanla sərhədə gəlib  və s. Biz görürük ki, Azərbaycana qarşı prosesin mənfi inkişafı artıq göz qabağındadır. Bunun göstəricisi həm də Fransa  Prezidenti Makronun çıxışıdır. Əslinə qalsa, Fransanın  nə etmək istədiyini başa düşmək üçün Senatda Qarabağ mövzusunda artıq layihə kimi müzakirə olunan və 15 noyabrda səsverməyə çıxarılacaq sənədə diqqət etmək gərəkdir. Oradan açıq-aşkar görsənir ki, Fransa və Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədindən sonra Xankəndidə də humanitar missiya yaratmaq və humanitar mövzularla məşğul olmaq niyyətindədirlər. İndi buna “humanitar mövzu” deyilir. Amma əslində sabah Qarabağın qondarma “status” məsələsini gündəmə gətirməyi planlaşdırırlar…

Hesab edirəm, Fransa ilə Avropa İttifaqını ayrımaq düzgün deyil. Fransa sözügedən davranışları ilə həm də göstərməyə çalışır ki, o, bu İttifaqın xarici siyasətində dominant rol oynayır…

Konkret Soçi görüşünə gəldikdə isə əsas iki sual var ortada. Birincisi, Rusiyanın Fransanın, Aİ-nin planlarına qarşı nəsə etmək imkanı varmı? İkincisi, Moskva əgər nəsə etsə,  bunu kiməsə qarşı etməlidir: ya Azərbaycana, ya da Ermənistana. Kreml bunu etmək istəyəcəkmi və kimə qarşı edəcək? Ona görə də mənim indiki mərhələdə ciddi dəyişikliklər baş verə biləcəyinə  şübhələrim var. O da ola bilsin ki,  Moskva bu görüşü,  sadəcə, “Mən də varam” gündəmini saxlamaq üçün təşkil edir. Bunun üçün, belə deyək, yaxşı əsaslar var: Praqa görüşündən, Makronun çıxışından sonra… Yəni bununla həm də Qərbə göstərmək istəyirlər ki, Rusiya daha “etibarlı tərəfdaşdır”. Bu baxımdan Soçi görüşündən sonra hansısa ilk baxışdan ciddi görünən bəyanatlar verilə bilər…

Son günlər Rusiyanın aparıcı telekanallarının və digər KİV-in Azərbaycana qarşı kampaniyası ona işarə edir ki, Kreml yenə də Ermənistanın könlünü almaq yolunu tutub… Belə bir şəraitdə Soçi görüşünün hansısa faydalı nəticə verməsi, bir daha deyirəm, şübhə altındadır…

“Ukraynadakı savaş yekunlaşmamış  Qərb Azərbaycanla Ermənistan arasında hansısa sülh müqaviləsinin baş tutmasına nail ola biləcəkmi?” sualının cavabında isə ekspert bildirib ki, sülh müqaviləsi deyəndə biz yəqin ki, Azərbaycan və Ermənistan tərəfindən bir-birinin ərazi bütövlüyünü tanımaları haqda qarşılıqlı bəyanatları nəzərdə tuturuq. Əslində, bu, ermənilər üçün problem deyil… Bizim üçün isə böyük problem odur ki, Ermənistan bəyanat verir, amma eyni zamanda öz büdcəsindən Azərbaycan torpağındakı qondarma qurumun mövcud olması üçün pul vəsaiti ayırır. Praqaya getməmişdən öncə Paşinyan, artıq Ermənistanın dövlət büdcəsini təsdiq etdi və orada hərbi xərclərin  47 faiz artırılması göstərildi.  Bununla paralel 300 milyon dollar da Xankəndidəki separatçı rejim üçün ayrılıb.  Əgər Ermənistan lideri Praqaya bu fikirlərlə gedibsə, onun əsl niyyətlərini anlamaq üçün bir o qədər də siyasi biliyə malik olmaq gərək deyil… Hərbi büdcənin 47 faiz artması o deməkdir ki, Ermənistan müharibəyə hazırlaşır…